Məşhur Metallica rok qrupu Türkiyədə konsert verdi (FOTOLAR)
Qrupun İstanbul konsertindən reportaj27 iyul 2008-ci il tarixində İstanbulda keçirilən "Metallica" rok qrupunun konsertinə bileti çox-çox öncədən almışdım. Onu da deyim ki, Bakıdan İstanbula bu konsert üçün gedəcək bir çox adam var idi. Bunlardan bəzilərini ümumi rok toplumundan tanısam da tanımadığım adamlar da var idi. Konsert zamanı verilən məlumatda məlum oldu ki, 2000 nəfərdən çox xarici vətəndaş gəlib konsertə. Hərçənd mən özümü xarici saymıram.
Stadiounun qapısı 14:00-da açılacaqdı. Belə yazlmışdı biletin üstündə. Daha əvvəldən növbə tutmaq fikriylə saat 12-dən stadion ətrafında idim. Anladım ki, gecədən orda növbədə duran insanlar var. Hardasa 20 min adam stadionun ətrafını mühasirəyə almışdı və hər kəs qapının açılmasını gözləyirdi. Hər kəs kimi mən də o izdihamın içinə girib növbə tutmaq istəyirdim ki, türk telekanallarından bir neçəsi əlimdə tutduğum Azərbaycan bayrağını görüb məndən reportaj aldılar. Yerli jurnalistlərə rok konserti üçün bu qədər uzaqdan gəlmək bir az qəribə görünürdü.
Saat 14:00-da qapını açmağa "söz versələr" də stadiona yalnız saat 16:30-da keçə bildik. İlk dəfə idi bu qədər çox rok dinləyicisini bir arada görürdüm. Türkiyənin dörd bir yanından adamlar gəlmişdi. İçəri keçib, səhnəyə daha yaxın yer tutduqdan sonra alt qrupların çıxışlarını gözləməyə başladıq.
İlk qrup saat 18:00-da səhnəyə çıxdı. Qrup, bütün dünya turu boyu "Metallica"-nın alt qrupu olan "The Sword" idi. Stil olaraq "Slayeri" bir az xatırladırdılar.
Təxminən saat 19:00-da səhnəyə Tükiyənin ən böyük qruplarından olan "Pentagram" çıxdı. "Pentagram"ın səsi "The Sword"la müqaisədə daha pis idi. Amma bu heç də "Pentagram"ın mahnılarının 50 minlik izdihamla birlikdə oxunmasına mane olmadı. "Lion in cage", "Şeytan bunun neresinde", "Gündüz-gece" izdihamı bir xeyli coşdurdu.
Saat 20:00-də səhnəyə "Metallica"nın bir digər alt qrupu "Down" çıxdı. Bu qrupda "Pantera"dan tanıdığımız Philip Anselmo vokalist olaraq oxuyur. Çox çılğıncasına çıxış etdilər. İzdihamı hərəkətə gətirdilər.
Saat 21:00-da sonuncu alt qrup olan "Down" çıxışını bitirdi və hamı "Metallica"nı gözləməyə başladı. Amma bir xeyli gözləməli olduq. Bu vaxt ərzində izdiham özü özünü Meksika dalğaları və s. ilə əyləndirməyə başladı.
Saat 21:40-da nəhayət "Metallica" səhnəyə çıxdı. Çıxış ənənəvi olaraq Enni Marriconenin "Extacy of Gold" mahnısıyla başladı. Dərhal hiss olundu ki, səs təchizatı yüksək dərəcəli peşəkarlar tərəfindən hazırlanıb. Dərhal "Creeping Death" mahnısının girişi eşidildi və İzdiham "partladı". Dönüb arxama baxanda camaatın daha da artığını gördüm. Təxmin etmək olardı ki, konserti 60 min insan izləyir. "Metallica" daha çox köhnə albomlardan mahnı ifa etməyə başladı. Bütün mahnılar çoxminlik izdiham tərəfindən oxunurdu. "Whiplash", "My friend of misery", "Fade to black", "Enter Sandman" bir-birinin ardınca oxunurdu. "Nothing else matters" mahnısını isə demək olar ki, hamı birgə oxudu. "One" mahnısının introsu səslənəndə səhnədə alov şouları və fişənglər işə düşdü. Daha sonra "Enter sandman" səsləndi. Ən sonda yenə ənənəvi olaraq "Seek and Destroy" sədaları altında "Metallica" konserti bitirdi və yaxında yenə İstanbula qayıdacağına söz verdi.
Konsertdən sonra "Bu qədər yolu qət edib bu konsertə getməyə dəyərdimi?" deyə düşünürəm… Əlbəttə, dəyərdi. Ömrümün sonuna kimi unutmayacağım təəssüratlarla ordan ayrıldım. Əlbəttə belə tədbirlər Bakıda da keçirilsə çox yaxşı olardı. Amma toplum olaraq hələ -BİZ- o qədər inkişaf etməmişik ki, rok konsertlərə 60 min adam yığa bilək. Hərçənd hal-hazırda bu işin özülləri atılır. Çox güman yaxın aylarda Sizlər də bunun şahidi olacaqsınız…
Nurlan,
İstanbul-Bakı



